İnzibati məhkəmələrin hakimlərinə qoyulan tələblər
Müəllif: Erna Viktoriya Ksalter
Berlin İnzibati Məhkəməsinin sədri
İnzibati məhkəmələrə ədalət mühakiməsini mümkün qədər yaxşı və mümkün qədər tez həyata keçirən hakimlər lazımdır.
I. Inzibati məhkəmələrin vəzifəsi: İnzibati məhkəmələrin vəzifəsi onların səlahiyyətinə aid edilmiş mübahisələr üzrə hüquqi müdafiəni təmin etməkdir. Bu zaman məqsəd hüquqi sülhün və hüquqi təhlükəsizliyin bərpasıdır. Hər iki məqsədə şəffaf və ədalətli məhkəmə icraatı çərçivəsində ədalətli və inandırıcı qərar, yaxud barışıq sazişinin bağlanması ilə nail olunur (buna, qısaca olaraq ədalət mühakiməsinin „mümkün qədər yaxşı“ həyata keçirilməsi də demək olar). Lakin „yaxşı“ qərar gec qəbul edildikdə dəyərini itirir. Ona görə də hüquqi müdafiə tez baş tutmalıdır (buna, qısaca olaraq ədalət mühakiməsinin „mümkün qədər tez“ həyata keçirilməsi də demək mümkündür).
II. Mümkün qədər yaxşı və mümkün qədər tez qərar qəbul edə bilmək üçün hakim hansı keyfiyyətlərə malik olmalıdır?
O, təcrübəli və həyatda püxtələşmiş bir şəxs olmalı, hər bir məsələyə maraqla yanaşmalı və işlərə şifahi məhkəmə icraatı qaydasında baxmaqdan çəkinməməlidir. Hakimin qərar qəbul etmək bacarığının olması çox vacibdir. Bundan başqa, hakim mürəkkəb xarakterli faktiki halları sadə dildə təsvir etmək iqtidarında olmalıdır. Hakim öz vəzifəsini bir „iş“ kimi qəbul edə bilməz. Əksinə, o, özünü yerinə yetirdiyi tapşırıqla identifikasiya etməli, yəni baxdığı işlərdəki problemləri özününkü kimi nəzərdən keçirməlidir. Bu zaman sosial səriştənin mövcudluğu mütləqdir.
Mən inzibati məhkəmə hakiminə qoyulan tələbləri aşağıdakı keyfiyyətlər/bacarıqlar əsasında izah edəcəm:
1. Hüquqi biliklər
2. Digər biliklər
3. İşə baxmaq səriştəsi
4. Qərar qəbul etmə bacarığı
5. Yazılı sənədlərin keyfiyyəti
6. Effektiv işləmə qabiliyyəti və məsuliyyət hissi
7. Təşkilatçılıq bacarığı
8. Ünsiyyət bacarığı
9. Başqaları ilə əməkdaşlıq etmək və münaqişələri konstruktiv həll etmək bacarığı
10. Rəhbərlik etmək səriştəsi (bu keyfiyyətə hazırkı məruzə çərçivəsində toxunulmayacaq).
1./2. Hüquqi biliklər/Digər biliklər
İnzibati məhkəmənin hakimi istənilən məsələyə və yeni biliklərə maraq göstərməlidir. O, bütün həyatı boyu öyrənməyə hazır olmalıdır. Yalnız belə olan halda, o, istənilən zaman yarana biləcək yeniliyə öyrəşmək üçün zəruri olan çevikliyə malik olur. Təbii ki, inzibati məhkəmə hakiminin yalnız hüququ və maddələri bilməsi kifayət deyil. O, hər şeydən öncə hüququ tətbiq edə bilməlidir. Bunun üçün mühüm şərt hakimin təcrübəli və həyatda püxtələşmiş bir şəxs olmasıdır.Onun doqmatikanı yaxşı bilməsi tövsiyə edilsə də, hakim praqmatik mövqeyə malik olmalıdır. Hakimin qanuna tabe olduğu ona aydın olmalıdır. O, inzibati orqanların diskresion səlahiyyətlərinə və qiymətləndirmə azadlığına hörmətlə yanaşmalı, özünü qanunvericinin yerinə qoymaq kimi cəlbedici hisslərdən çəkinməlidir. İnzibati məhkəmə hakiminin zəruri hüquqi və digər biliklərə malik olub-olmaması aşağıdakı sual kataloqu əsasında yoxlanıla bilər:
— hakim inzibati məhkəmə icraatı və inzibati icraat hüququnu, Avropa hüququnu, konstitusiya hüququnu, eləcə də baxdığı işlərlə bağlı olan digər hüquq sahələrini bilirmi?
— zərurət olduqda, o başqa hüquq sahələrindən (mülki hüquq, cinayət hüququ, sosial hüquq, vergi hüququ və s.) hüquqi bilikləri tez və yaxşı mənimsəyə bilirmi?
— o, qeyri-hüquqi biliklərin (sığınacaq hüququ ilə bağlı ayrı-ayrı ölkələr barəsində məlumatlar, tikinti və ətraf mühit hüququ ilə bağlı texniki biliklər, sahibkarlıq və iqtisadi hüquqla bağlı iqtisadi biliklər, dərman vasitələri, hərbi mükəlləfiyyət, sürücülük vəsiqəsi, dövlət qulluğuna dair qanunvericiliklə bağlı tibbi biliklər) əldə olunması üçün nə dərəcədə hazır və maraqlıdır?
— biliklər/məlumatlar mövcuddurmu və onlardan istifadə edilə bilərmi?
— biliklər/məlumatlar aktualdırmı? (əldə edilmiş bilikləri/məlumatları genişləndirmə və dərinləşdirmə hazırlığı).
— işlərin həll edilməsində hakim elmi/doqmatik/praqmatik qaydada hərəkət edirmi?
— o, vətəndaşların mənafelərini, eləcə də inzibati orqanın maraqlarını görürmü/sezirmi?
— o, çıxardığı qərarın nəticələrini nəzərə alırmı (nəticələrin qiymətləndirilməsi)?
— hakim siyasət və cəmiyyətlə maraqlanırmı (yalnız cəmiyyətin vəziyyətini bilən və orada hansı sosial, iqtisadi və digər problemlərin mövcudluğundan xəbərdar olan bir hakim bunları məhkəmə təcrübəsində nəzərə ala bilər).
3. İşə baxmaq səriştəsi
Hakim işlərə şifahi məhkəmə qaydasında baxmaqdan çəkinməməlidir. O fikir mübadiləsi aparmaqdan çəkinməməməli və hər şeydən öncə, dinləmə bacarığına malik olmalıdır. Hakim hər iki tərəfə bərabər səviyyədə yönəlik bitərəf mövqedən çıxış etməlidir. O, həyat təcrübəsinə və məsələlərə müəyyən dərəcədə skeptik (şübhə ilə) yanaşma qabiliyyətinə malik olmalıdır (Almaniya mətbuatından sitat: “Justitia (ədalət mühakiməsi simvolu) kor ola bilər, amma o, axmaq deyil: hakim onun masasına qoyulan hər şeyə inanmamalıdır”). Hakimin işə baxmaq səriştəsinə malik olub-olmaması aşağıdakı sual kataloqu əsasında yoxlanıla bilər:
— formal məsələlər qaydasındadırmı?
— hakim iş materialları ilə tanışdırmı (hazırlaşma)?
— o, işin faktiki hallarına dair məruzəni necə edir (üzündən oxuyur, yoxsa sərbəst şəkildə məruzə edir)? Dinləyicilər məruzəni izləməyi çatdırırmı? Hüquqi məsələlərin müzakirəsinə münasibətdə işin faktiki hallarına dair məruzə nə qədər davam edir?
— proses tez bir zaman ərzində və konsentrasiya olunmuş, yoxsa çərçivədən çıxan və lüzumsuz təfərrüatlı şəkildə aparılır?
— hüquqi məsələlər strukturlaşdırılmış şəkildə müzakirə edilirmi?
— mübahisənin həlli üçün əhəmiyyət kəsb edən məsələlər açıq və aydın şəkildə təsvir olunurmu?
— hakim mübahisənin həllinə dair qərarın necə olacağını tərəflərə bildirirmi? Bu zaman o, bir tərəfdən açıqlıq və əks fikirdə olan şəxslərlə də səmimi davranmaqla, digər tərəfdən bitərəflik arasında balansı gözləyirmi?
— hakim dinləyə bilirmi (bu çox mühümdür!!)?
— o, yeni dəlillərə açıqdırmı və onların təfərrüatına varırmı? Yoxsa, o, özünün yanaşmasına/konsepsiyasına “yapışaraq” qalmaqda davam edir?
— o, yeni situasiyalara necə reaksiya verir (əminliklə/qeyri-əminliklə/suveren)?
— o, proses iştirakçıları ilə necə rəftar edir (ədalətlilik, hörmət, dözümlülük, qiymətləndirmə)? O, proses iştirakçıları ilə özü arasında zəruri olan məsafəni gözləyirmi?
— o, şahidlərlə necə rəftar edir (izah, sualların anlaşılan şəkildə verilməsi/istiqamətləndirici sual, o yaralı yerə toxunurmu)?
— məhkəmə iclas zalında atmosfer necədir (mehriban, səmimi, açıq, ədalətli, arroqant, öyrədici)?
— hakim proses iştirakçılarının baxılan mübahisənin predmetindən kənara çıxan maraqları və münaqişələri görürmü/sezirmi?
— o, barışıq sazişinin bağlanması təklifi ilə çıxış edirmi? O, proses iştirakçılarını fikirlərindən döndərməyə cəhd edirmi, onlara təzyiq göstərirmi?
4. Qərar qəbul etmə bacarığı
İnzibati məhkəmənin hakimi mübahisəni həll və qərar qəbul edə bilməlidir. O, icraatında olan işlər üzərində həddindən artıq düşünə və bu zaman onların tez bir zamanda həll edilməsini nəzərdən qaçıra bilməz. Mübahisənin mümkün qədər tez həll edilməsi onun mümkün qədər yaxşı həll edilməsi kimi vacibdir. İnzibati məhkəmə hakiminin qərar qəbul etmə bacarığına malik olub-olmaması aşağıdakı sual kataloqu əsasında yoxlanıla bilər:
— hakimin qərar qəbul etmə bacarığı nə dərəcədə yüksəkdir?
— o, tərəddüd edirmi, yoxsa qərarı tez qəbul edir?
— o, xarakterinə görə düşüncələrə dalan/şübhələr daşıyan biridirmi? O, bəzən tələskəndirmi?
— o, məsələlərə əsaslı, yoxsa səthi yanaşır (problemin mövcudluğunu dərketmə)?
— o, çətin məsələlərə necə yanaşır? Bəs, asan işlərə?
— o, hüquqi məsələlərə dair qərarını faktiki hallara dair qərardan tez qəbul edirmi? Yoxsa, əksinə?
5. Yazılı sənədlərin keyfiyyəti
Hakimin qərarları, qərardadları və sərəncamları onların ünvanlandığı hər bir şəxs üçün anlaşılan olmalıdır. Uzun qərarları oxumaq qısa qərarları oxumaqdan çətindir. Həmçinin qərarın uzunluğu onun qəbuledilən olacağına dəlalət etmir. Qərarın dili hakimin zəruri xarakter daşıyan bitərəfliyini/qərəzsizliyini əks etdirməlidir. Hakim tərəfindən tərtib olunan yazılı sənədlərin keyfiyyətli olub-olmaması aşağıdakı sual kataloqu əsasında yoxlanıla bilər:
— qərarın quruluşu aydındırmı və bu quruluş barədə hakim dərindən düşünübmü?
— qərarla tanış olduqda hansı normanın yoxlanıldığını, onun (mücərrəd) şərtlərinin nədən ibarət olduğunu və qərarın baş cümlələrində nələrin deyildiyini öyrənmək olurmu?
— qərarda hakimin düçüncələrinin gedişi/axımı məntiqi və inandırıcıdırmı? (oxucuya sanki bələdçilik edilirmi)?
— qərarın üslubu necədir (qeyri-hamar/tarazlaşdırılmamış, nəfis/cilalanmış, məchul növdə köhnəlmiş və ya lazımsız ifadə tərzləri, isim nitq hissəsindən çoxlu istifadə)?
— qərarın anlaşıqlı olması (qısa cümlələr, uzun cümlələr, tərkibində bir neçə dəfə sifətdən istifadə olunan mürəkkəb cümlələr, əlavələr/yamaqlar).
— qərarın dili necədir (predmet üzrə, hörmətedici, rəhmdil, emosional, ibrətverici, heysiyyata toxunan)?
— qərarda proses iştirakçılarının gətirdikləri dəlillərə münasibət bildirilirmi, yoxsa orada əsas diqqət mücərrəd məsələlərə/elmi fikirlərə yönəlib)?
— qərarın zahiri görünüşü necədir (çoxlu yazı səhvləri, diqqətsizlik üzündən yol verilən səhvlər, „sitat yuvaları“)?
6. Effektiv işləmə qabiliyyəti və məsuliyyət hissi
Hakim yerinə yetirdiyi vəzifə ilə özünü identifikasiya etməli və tez bir zamanda hüquqi müdafiəni təmin etmək məsuliyyəti ona aydın olmalıdır. Hər bir ayrıca hakimin davranışı bizim proses iştirakçıları və ictimaiyyət tərəfindən necə qəbul edilməyimizə töhfə verir. Pis hakim davranışına aid bir misal ictimaiyyətin fikrinə gündəlik görülən yaxşı işdən daha güclü təsir edir. Burada „işə baxma müddəti“ aspekti kimi konkret hakimin çalışqanlığı və işlərin həllinə səy göstərmə hazırlığı da mühüm rol oynayır. Çox mühüm olan amil hakimin kənar təsirlərdən daxili müstəqilliyidir. Hakimin effektiv işləmə qabiliyyətinə və məsuliyyət hissinə malik olub-olmaması aşağıdakı sual kataloqu əsasında yoxlanıla bilər:
— hakim peşə etikasına hansı dərəcədə əməl edir (özünü müəyyən etmə)?
— o, özünü yerinə yetirdiyi vəzifə ilə identifikasiya edirmi, məsuliyyət daşıdığını (icraatında olan işlər üzrə, kollegiyadakı iş, məhkəmənin fəaliyyəti üzrə) hiss edirmi?
— işlə xüsusilə yükləndiyi situasiyalarda onun reaksiyası necədir (işə xüsusi şəkildə həsr etmə)? Lazım gəldikdə, o, öz şəxsi maraqlarını kənara qoyurmu?
— o, qərarın tez bir zamanda qəbul olunmasına diqqət yetirirmi?
— o, keyfiyyət və tezlik tələblərini necə tarazlaşdırır?
— o, çoxdan icraatda olan işlərlə necə rəftar edir? Buna görə özünü pis hiss edirmi? Onun icraatında 3 ildən çox davam edən iş varmı (Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi)? Nə üçün?
— o, mürəkkəb, çox çətin işləri öhdəsinə götürməyə hazırdırmı? O, sadə icraatların işlənməsini qabağa çəkirmi?
— müvəqqəti xarakterli müdafiə icraatları üzrə qərarlar 3 ay ərzində qəbul olunurmu?
— hakim vətəndaşla inzibati orqanlar arasındakı gərgin münasibətlərdə bitərəf mövqe tuturmu?
— o, kənar təzyiqlərə davam gətirirmi (siyasət, maraq qrupları, əhali, KİV-lər)? (Açar söz: daxili müstəqillik)
— o, KİV-lərdən qorxurmu?
— o, ictimaiyyətlə fəal əlaqələr qurulmasını dəstəkləyirmi?
— digər həmkarlar işlərini çatdırmadıqda o, əlavə iş yükü götürməyə hazırdırmı?
— o, məhkəmə daxilində əlavə vəzifələr icra edirmi (mühazirələr, məhkəmə sədri vəzifələri)
— işlərin həll olma sayı (bir ayda orta hesabla həll olunan işlərin sayı, hansı hüquq sahələri üzrə)?
7. Təşkilatçılıq bacarığı
Effektiv və səmərəli iş qaydası keyfiyyət və kəmiyyət baxımından yaxşı iş nəticələri əldə etmək üçün şərtdir. Hakimin təşkilatçılıq bacarığına malik olub-olmaması aşağıdakı sual kataloqu əsasında yoxlanıla bilər:
— hakim öz işini necə idarə edir?
— onun icraatında olan işlərin vəziyyəti necədir? Daxil olan işlərlə həll olunan işlər arasında nisbət gözlənilirmi (iş yükünün yaranmaması baxımından)?
— o, məhkəmə iclaslarını necə planlaşdırır (məhkəmə iclasları arasındakı vaxt məsafəsi, şahidlər və digər iştirakçılar üçün gözləmə vaxtları)?
— o, özünün müəyyən etdiyi vaxt göstərişlərinə riayət edirmi?
— o, 2 həftə ərzində qərarları yazılı formada tərtib edə bilirmi?
— o, məhkəmənin əmlak və kadr resurslarından necə yararlanır? (o, onları cəlb edirmi, onlara müəyyən işlərin görülməsini tapşırırmı? Lazım olmayan iş yükü yaradırmı? O, başqalarının işini təşkil edirmi?
— hakimin iş texnikası/iş metodu ilə bağlı yeni ideyaları varmı? Məhkəmədə yeni metodların tətbiqinə başlanıldıqda, o, bununla necə rəftar edir (yeniliklərə hazırlıq)?
8. Ünsiyyət bacarığı
Hakim ünsiyyətcil olmalıdır. Yalnız belə olan təqdirdə o, öz hüquqi baxışını və mövqelərini inandırıcı şəkildə çatdıra bilər. Ünsiyyət bacarığı şifahi məhkəmə baxışının aparılması, tərkib və məhkəmə daxilində konstruktiv əməkdaşlıq və məhkəmənin, eləcə də hakim obrazının zahiri təqdimatı üçün vacib əhəmiyyət kəsb edir. Hakimin ünsiyyət bacarığına malik olub-olmaması aşağıdakı sual kataloqu əsasında yoxlanıla bilər:
— hakim fikrini aydın şəkildə ifadə edə bilirmi? O, söhbətin əslində nədən getdiyini vurğulaya bilirmi?
— hakim hamı üçün (təkcə hüquqşünaslar üçün deyil) anlaşılan dildə danışırmı?
— hakim məhkəmə daxilində və məhkəmə xaricində özünü necə göstərir (məhkəmədə hakim həmkarlarına, andlı iclasçılara, məhkəmə aparatının işçilərinə, ictimaiyyətə/elm ictimaiyyətinə münasibətdə)? O, təvazökar, özünə inanan və ya avtoritardırmı?
— o, hakim qismində necə xidmət göstərir? İcraatın vəziyyətinə dair sorğulara o, necə reaksiya verir? Qərarın qəbul edilmə vaxtları barədə o, etibar oluna biləcək məlumatlar verirmi? O, məhkəmə iclasının vaxtını təyin edərkən proses iştirakçılarının mənafelərini nəzərə alırmı (məsələn, yola sərf olunan vaxt baxımından)? O, proses iştirakçıları üçün çatımlıdırmı?
9. Başqaları ilə əməkdaşlıq etmək və münaqişələri konstruktiv həll etmək bacarığı
Tərkib daxilində uğurlu əməkdaşlıq tərkib üzvləri arasındakı münasibətin qarşılıqlı hörmətə əsaslanmasını şərtləndirir. Bu zaman zəruri tənqidi adekvat şəkildə etmək və özünün təndiq olunmasına yol vermək çox vacibdir. Hakimin öz şəxsinə tənqidi baxışı və öz davranışını yoxlaması mühüm əhəmiyyət kəsb edir. Bu, hakimi özü haqqında yüksək fikirdə olmaqdan qoruyur və onun öz şəxsiyyətini inkişaf etdirə bilməsinə zəmanət verir. Hakimin başqaları ilə əməkdaşlıq etmək və münaqişələri konstruktiv həll etmək bacarığına malik olub-olmaması aşağıdakı sual kataloqu əsasında yoxlanıla bilər:
— onun hakim həmkarları, məhkəmənin servis sektoru və məhkəmə aparatı ilə əməkdaşlığı necədir?
— o, hakim həmkarlarını başa düşmək qabiliyyətinə malikdirmi? O, iş zamanı hakim həmkarlarının maraqlarını nəzərə alırmı?
— münaqişəli vəziyyətlərdə o, özünü necə aparır? O, mübahisəni konstruktiv şəkildə və mahiyyəti üzrə, yoxsa şəxsi səviyyədə aparır?
— o, tənqid edə bilirmi (aktiv tənqid qabiliyyəti)? O, tənqidi necə edir (adekvat, yoxsa xoşagəlməz tərzdə, yaxud açıq, yoxsa qapalı şəkildə)?
— o, özü tənqid edildikdə, bu tənqidlə necə davranır (passiv tənqid qabiliyyəti)?
— o, özünün tənqid edilməsinə yol verməyə və öz davranışını yoxlamağa hazırdırmı?
— yalnız nəyisə iddia etmək xarakteri ilə komromisə hazırlıq qabiliyyəti arasındakı nisbət necədir (o, öz mövqeyini qəti olaraq, təkidlə təmsil edir, yoxsa öz fikrindən tez dönür (yaxud o, öz mövqeyinə əmin deyil)?
— o, tərkib daxilində başqalarını dəstəkləyirmi? O, sınaq dövründə olan hakimlərlə işləyirmi?
Yekun: Əlbəttə, hüquqşünasların heç də hamısı yuxarıda sadalanan əlamətlərin hamısına xüsusi şəkildə malik deyil. Lakin istənilən inzibati məhkəmə hakiminin işində işə baxma müddətləri həddindən artıq uzun çəkdikdə, bunun səbəbi qərar qəbul etmə bacarığı, eləcə də effektiv işləmə qabiliyyəti və məsuliyyət hissi ilə bağlı olur. Eyni zamanda, hakimlərin seçilməsi və təyinatı zamanı hakim korpusunun təkcə tez və çoxlu işlərə baxan şəxslərdən deyil, qarışıq xarakterli şəxslərdən ibarət olmasına diqqət yetirməliyik. Məsələn, məhkəmə tərkibi daxilində fikrə dalma xarakterinə malik şəxslə mübahisələri tez bir zamanda həll edə biləcək şəxs bir-birini yüksək səviyyədə tamamlaya bilərlər, bir şərtlə ki, onların hər ikisi kifayət qədər sosial səriştəyə malik olsunlar.
Bu məruzə 2009-cu ildə Polşa Voyvodluqlarının inzibati məhkəmə hakimləri qarşısında edilmişdir.